Komplayens
“Kapital Bank” ASC (bundan sonra – Bank) olaraq missiyamız inkişafa və iqtisadi tərəqqiyə imkan verən məsuliyyətli maliyyə xidmətləri təqdim etməklə müştərilərimizə etibarlı tərəfdaş kimi xidmət etməkdir. Bankımız öz fəaliyyətini qüvvədə olan qanunvericiliyin, qaydaların, məcəllələrin və standartların tələb və normalarına uyğun olaraq hə yata keçirir. Biz uyğunsuzluğa “sıfır dözümlülük” prinsipi ilə yanaşırıq. Bizim üçün məsuliyyətli bankçılıq ədalətlilik, təhlükəsizlik və sabitlik deməkdir. Bankımız öz iqtisadi və sosial məsuliyyətinə çox ciddi yanaşır və bu səbəbdən, Biz, Bankımızın dəyərlərini müasir və innovativ idarəetmə və Komplayens standartları ilə yaşatmağı özümüzə borc bilirik.
“Kapital Bank” ASC ölkədaxili və beynəlxalq Komplayens qaydalarını öz fəaliyyətində rəhbər tutmaqla yanaşı, həmçinin bu qanun və qaydaların mənasını və məqsədini dərindən analiz etməklə, zəruri hallarda hüquqi tənzimləmələrin təkmilləşdirilməsinə fəal töhfə verir.
Komplayens Funksiyası
“Kapital Bank” ASC Komplayens sahəsi üzrə öz öhdəliklərinə tam sadiqdir. Bankımız ixtisaslaşdırılmış insan və texnoloji resurslara malik müstəqil Komplayens funksiyasını formalaşdırmışdır. Komplayens funksiyası Bankımızı qanunvericiliyə və maliyyə bazarlarını tənzimləyən hüquqi aktların tələblərinə riayət etməməsi nəticəsində üzləşə biləcəyi təsir tədbirləri və sanksiyalar, maliyyə itkiləri və ya nüfuzunun itirilməsi risklərindən qoruyur. Bankdaxili, ölkədaxili və beynəlxalq Komplayens qaydalarına, tövsiyələrinə və bazarın ən yaxşı təcrübələrinə riayət etməklə, Komplayens funksiyası Bankımızın etibarlılığını təmin edir.
Bankın Komplayens sistemi aşağıdakı komponentləri ehtiva edir:
- Əmlakın leqallaşdırılması və Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM)
- Fırıldaqçılıq və saxtakarlığa qarşı mübarizə
- Maraqların toqquşması
- Whistleblowing
- Beynəlxalq sanksiya rejimi
- Rüşvətxorluq və Korrupsiyaya Qarşı Mübarizə
- Davranış Kodeksi
- Müxbir Bankçılıq
- Korporativ idarəetməyə uyğunluq
- Məlumatların saxlanması və qorunması
- ESG (dayanıqlılıq)
- Nüfuz riskinin idarəedilməsi
Aşağıdakı əsas prinsiplər Bankın Komplayens riskinə nəzarət yanaşmasını tənzimləyir:
- Çirkli pulların yuyulmasına qarşı qanun və qaydalara uyğunluq;
- Maliyyə cinayətlərinin qarşısının alınması, aşkar edilməsi və nəzarətdə saxlanılması sahəsində tənzimləyici və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq və onlara dəstək;
- Müştərilərə xidmət göstərmək və Bankın ən yüksək etik standartlarına və məsuliyyətli maliyyə öhdəliyinə uyğun məhsul və xidmətlər təqdim etmək.
- Məsuliyyətli bankçılıq.
Bankın Qlobal Komplayens Proqramı
Bank müştərilərini çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və digər maliyyə cinayətləri risklərindən qorumaq üçün hərtərəfli Komplayens Proqramı yaratmışdır. Bu qlobal proqramın əsasını Komplayens sahəsi üzrə riskləri müəyyən etmək və qarşısını almaq, qanun və qaydalara riayət etmək məqsədilə qlobal ardıcıl nəzarət sistemini təmin edən Bankın Komplayens Siyasəti təşkil edir. Bankda Komplayens sahəsi üzrə Məsul Şəxs mövcuddur və Məsul Şəxs Baş Komplayens İnzibatçısına və Müşahidə Şurasına dövri əsasda, əhəmiyyətli komplayens riskləri baş verdiyi halda isə növbədənkənar əsasda hesabatlar təqdim edir.
Baş Komplayens İnzibatçısı- Komplayens funksiyası ilə əlaqədar Bankın struktur bölmələrinin fəaliyyətinə nəzarəti (kuratorluğu) həyata keçirən İdarə Heyətinin üzvüdür və aşağıdakı funksiyaları icra edir:
- Bankın cari fəaliyyətinə rəhbərlik edir, onun öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının hüquqi aktlarının tələblərinə uyğun şəkildə idarə edilməsini təşkil edir;
- Komplayens funksiyası ilə əlaqədar bankın struktur bölmələrinin fəaliyyətinə nəzarəti (kuratorluğu) həyata keçirir;
- İdarə Heyətinin iclaslarında və qərarların qəbul edilməsində şəxsən iştirak edir;
- Komplayens və korporativ idarəetmə üzrə funksiyalara rəhbərlik edir, Bankın korporativ idarəetmə standartlarının müəyyən olunmasını istiqamətləndirir;
- Tələb edilən hesabatların Maliyyə Monitorinqi Xidmətinə vaxtında və qaydasında təqdim edilməsinə nəzarət edir;
- Komplayens riskləri üzrə öncədən tədbir görülməsinə dair təklif və tövsiyələr verir;
- Bankın fəaliyyəti üzrə qərarvermə prosesində maraqlar münaqişəsini qiymətləndirir;
- Bankın nüfuzuna mənfi təsir edəcək halları qiymətləndirir və təsirinə dair qərarverilməsində iştirak edir;
- Müxbir münasibətlərin qurulması və davam etdirilməsi baxımından, komplayens sahəsi üzrə proseslərin tənzimlənməsinə rəhbərlik edir;
- Fraud və dələduzluğa qarşı mübarizə sahəsi üzrə tədbirlərin hazırlanmasını tənzimləyir.
Məsul şəxs - Bankda ƏL/TMM üzrə AR Qanunun, habelə daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin tələblərinin həyata keçirilməsinə nəzarət etməyə, Maliyyə Monitorinqi Xidməti ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə cavabdeh olan şəxsdir və aşağıdakı funksiyaları icra edir:
- Bankın fəaliyyət istiqamətinə uyğun olaraq əməkdaşlar tərəfindən Qanunun, habelə daxili qayda, prosedur və nəzarət mexanizmlərinin tələblərinə əməl edilməsinə nəzarət edir;
- Komplayens sahəsi üzrə nəzarət olunmalı Bank əməliyyatlarının (əqdlərin) gündəlik monitorinqini aparır, davamlı müştəri uyğunluğu tədbirlərini tətbiq edir, cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatların hazırlanaraq qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə uyğun olaraq, MMX-ya təqdim edilməsini təmin edir;
- Kapital Bank ASC-nin "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Siyasəti”nin tətbiqi üçün təlim materiallarının, qaydaların və digər Bankdaxili sənədlərin hazırlanmasını təmin edir;
- Dövrü olaraq Komplayens nöqteyi-nəzərindən yüksək riskli əməliyyatlar (əqdlər), onların statistikası və dinamikası, ƏL/TM risklərinə məruz qala biləcək potensial risklər, bu risklərin qarşısını almaq üçün icra olunan və gələcəkdə icra oluna biləcək tədbirlər, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin risklilik meyarı üzrə dəyərləndirilməsinə dair Bank rəhbərliyinə (İdarə Heyəti və Müşahidə Şurası) hesabatlar təqdim edir;
- ƏL/TMM sahəsində fəaliyyət üzrə Bankın əməkdaşlarına mütəmadi təlimlərin keçirilməsini təşkil edir;
- Bankın ƏL/TMM ilə bağlı riskinin qiymətləndirilməsi işini təşkil edir (İnstitusional risk qiymətləndirilməsi işinin təşkili də daxil olmaqla);
- Xüsusi İndikatorların siyahısını razılaşdıraraq, müvafiq olaraq proqram təminatında avtomatlaşdırılmasını təmin edir;
- ƏL/TMM sahəsində işçilərin yol verdikləri hüquq pozuntuları barəsində Bank rəhbərliyini (İdarə Heyəti və Müşahidə Şurası) məlumatlandırır;
- Bankda icra olunan əməliyyatlar, müştərilər və proseslərin (vendorlarla münasibətlərin qurulması, xidmət təminatçılarının cəlb olunması və s.) ölkədaxili və beynəlxalq sanksiya siyahıları üzrə yoxlanması üçün Bankda zəruri yoxlama tədbirlərinin həyata keçirilməsinə nəzarət edir;
- Nəzarətedici orqanlar və kənar auditorlarla ƏL/TMM üzrə əməkdaşlıq edir;
- Qadağan olunmayan, lakin yüksək risk ehtiva edən və ya riskli kateqoriyaya uyğunluğu ehtimalı olsa da, əsaslandırıla bilən və öz səlahiyyəti çərçivəsində qərar verilməsi mümkün olmayan məsələlərin Komplayens Komissiyasına təqdim edir;
Beynəlxalq Sanksiya rejimi ilə uyğunluq
Beynəlxalq sanksiya rejimi – Dövlətlərin, çoxtərəfli və ya regional təşkilatların dövlətlərə və ya təşkilatlara qarşı təhlükəsizlik maraqlarını qorumaq və ya beynəlxalq hüququ qorumaq, beynəlxalq sülh və təhlükəsizliyi təhdidlərdən müdafiə etmək üçün diplomatik səylərinin bir hissəsi olan siyasi və iqtisadi qərarlardır.
Sanksiya uyğunluğu Bankın Komplayens funksiyasının risk idarəetmə strategiyasının əsas bir hissəsidir. Bank qlobal və ölkədaxili miqyasda sanksiyalarla əlaqədar qanun və qaydaların tələblərinə edilməsini təmin etməyə sadiqdir. Bankımız Beynəlxalq sanksiya rejiminin tələblərinin təmin edilməsi Siyasətinə uyğun olaraq, biznes fəaliyyətlərimizə tətbiq edilən bütün sanksiyalara tam əməl etməyimizi və sanksiya risklərini lazımi şəkildə idarə etməyimizi təmin etmək üçün yanaşmamızı müəyyən edir. Kapital Bank öz müştəriləri, səhmdarları və tənzimləyiciləri qarşısında özünün fəaliyyəti zamanı tətbiq olunan sanksiyaların tələblərinə əməl etməsi, eləcə də Bankın məhsul və xidmətlərinin sanskiya rejiminin tələblərinin pozulması məqsədilə sui-istifadə edilməsinə yol verməmək üçün məsuliyyət daşıyır.Komplayens funksiyası tərəfindən müştərilər və Bankın əməkdaşlıq etdiyi partnyorlarla işgüzar münasibətlərə başlamazdan əvvəl və işgüzar münasibətlərin davam etdiyi müddətdə davamlı olaraq, eləcə də əməliyyatlar zamanı beynəlxalq sanksiya siyahıları üzrə uyğunluq yoxlanılması yerinə yetirilir.
Müştəri üzrə yoxlama prosesi:
Bankın “Öz müştərini tanı”prinsipləri üzrə Bankın əməliyyat sisteminə inteqrasiya edilən KYC Modulu vasitəsilə müştərilər real vaxt rejimində skrininq edilir. KYC skrininq modulunun müəyyən etdiyi xüsusi alqoritm vasitəsilə müştəri məlumatlarının siyahılarla uyğunluq faizi hesablanaraq təhlil edilir. Siyahılar Refinitive şirkətinin təqdim etdiyi servislər vasitəsilə avtomatik yenilənir və proqram təminatlarına inteqrasiya edilib və mütəmadi təhlil edilir. Şübhəli məlumat aşkar olunduqda Bankın daxili qaydalarına müvafiq tədbirlər görülür. Şübhə aşkar olunmadıqda, əməliyyatın icrası davam etdirilir. Batch skrininq prosesi günlük və rüblük icra edilir.
Əməliyyatlar üzrə yoxlama prosesi:
Bankın şübhəli əməliyyatların aşkar olunması prinsipləri üzrə Bankın əməliyyat sistemi ilə inteqrasiya olunmuş Embargo Modulu vasitəsilə ölkədaxili və ölkəxarici köçürmələr, eləcə də ölkələr, təyin olunmuş xüsusi indikatorlar (ssenarilər) əsasında analiz edilir. Xüsusi indikatorlara uyğun gələn, qeyri-adi və ya şübhəli hesab edilən, müştərinin profilinə uyğun gəlməyən əməliyyatların icrası avtomatik dayandırılır. Şübhəlilik üçün əsas yoxdursa və ya təhlil nəticəsində şübhəlilik aradan qalxmışdırsa, əməliyyat icra edilir. Həmçinin, KYC skrininq modulunun müəyyən etdiyi xüsusi alqoritm vasitəsilə müştəri məlumatlarının müəyyən olunmuş siyahılarla uyğunluq faizi hesablanaraq əməliyyat anında da sanksiya siyahıları ilə üzləşmə aparılır, şübhəli hal olduqda müvafiq tədbirlər görülür.
Tərəfdaşlar üzrə yoxlama prosesi:
Təqdim olunmuş sənədlər əsasında 3-cü tərəflər, onların təsisçiləri və benefisiar mülkiyyətçiləri sanksiya siyahıları üzrə, sanksiya tətbiq edilmiş şəxsləri və/və ya təşkilatları üzrə yoxlamaların beynəlxalq məlumat bazası (World check) və açıq mənbələrdə olan məlumatlar vasitəsilə aparılması, habelə qeyri-qanuni fəaliyyəti müəyyən edilməsi, sanksiyalarla bağlı riskləri aşkar edilməsi həyata keçirilir. Uyğunsuzluq aşkar olunmadıqda, müsbət rəy bildirilir. Uyğunsuzluq aşkar olduğu halda işgüzar münasibətlərin qurulmasına imtina barədə rəy təqdim edilir.
Komplayens Nəzarət prosesi
Bu təməli rəhbər tutan və bu təməl üzərində qurulmuş əsas Proqram elementləri Komplayens Nəzarət prosesinin dörd azası çərçivəsində yerinə yetirilir - Qarşısının alınması, Aşkarlanması, tədbirlər planının tətbiqinə nəzarət və Hesabatlığı:
- Qarşısının alınması: Qlobal miqyasda standartların/siyasətlərin yaradılmasına və idarə olunmasına, müştəri riskinin qiymətləndirilməsinə, müştəri profilinin yaradılması və bankın daxili bazasında müştəri məlumatlarının saxlanmasına diqqət yetirən möhkəm Öz Müştərini Tanı (KYC) proqramını qurmaq və ona əməl etmək.
- Aşkarlanma: Qeyri-adi və ya şübhəli əməliyyatları və ya fəaliyyət nümunələrini müəyyən etmək üçün əməliyyat monitorinqi, eləcə də müxtəlif biznes və regionlar üzrə həm yeni, həm də mövcud müştərilərin hərtərəfli nəzərdən keçirilməsini təmin etmək üçün güclü Qlobal ƏL/TMM araşdırmalarının aparılması.
- Tədbirlər planının tətbiqinə nəzarət: bütün qanuni və tənzimləyici tələblərə əməl etməsinə zəmanət verən hərtərəfli plandır. O, komplayens risklərini tanımaq, qiymətləndirmək və nəzarət etmək üçün yerinə yetirilməli olan dəqiq addımları təsvir edir.
- Hesabatlıq: Bir çox ölkələrdə tələb olunduğu kimi Şübhəli Fəaliyyət Hesabatlarının (SAR), Şübhəli Əməliyyat Hesabatlarının (STRs) və Valyuta Əməliyyatları Hesabatlarının (CTRs) aktiv yaradılması, izlənilməsi və təqdim edilməsi.
Davamlı sayıqlığımız
- Bankımız məhsul və xidmətlərindən sui-istifadə etmək istəyənlərin istifadəsinin qarşısını almaq üçün ayıq-sayıq olmağa tam sadiqdir. Biz qeyri-adi və ya şübhəli davranışların qarşısının alınması, aşkarlanması və bildirilməsi vasitəsilə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə aparmağa daim çalışırıq. Biz terror təşkilatlarının maliyyə xidmətlərimizə çıxışının qarşısını almaq üçün fəal işləyirik, tənzimləyicilərə və hüquq-mühafizə orqanlarına onların səylərində köməklik göstəririk və sorğulara operativ cavab veririk.
- Biz mövcud siyasətlərimizin, prosedurlarımızın və texnologiyalarımızın gücünü davamlı olaraq qiymətləndirir və dəyişən mühitə cavab vermək üçün lazım gəldikdə onları yeniləyirik. Biz həmçinin əməkdaşlarımızı təlimləndirirək əmin oluruq ki, onlar cinayətkarların sistemə sızmaq üçün istifadə etdikləri inkişaf edən texnikaları yaxşı bilmək və çirkli pulların yuyulması və digər maliyyə cinayətləri ilə mübarizə aparmaq potensialına malikdirlər.
- Çirkli pulların yuyulmasına qarşı mübarizə daimi və inkişaf edən bir prosesdir. Burada biz başa düşürük ki, çirkli pulların yuyulmasının qarşısının alınması və mümkün terrorizmin maliyyələşdirilməsi fəaliyyətlərinin müəyyən edilməsi daimi səy və cinayətkarların istifadə etdiyi mürəkkəb sxemlərlə ayaqlaşmaq bacarığını ehtiva edir. Biz dərk edirik ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı potensial riskləri müəyyən etmək və başa düşmək üçün daim çalışmalı vənəticə etibarilə bu risklərin qarşısının alınması üçün müvafiq prosesləri həyata keçirməliyik.
Tərəfdaşların qiymətləndirilməsi
Daxili siyasətlərə uyğun olaraq, işgüzar münasibətlərə başlamazdan əvvəl bütün tərəfdaşlar Komplayens tərəfindən yoxlanılır və əməkdaşlığın qurulması üzrə rəy verilir. Bankın daxili normativ sənədlərinə uyğun olaraq, əməkdaşlıq etdiyi (xidmət aldığı və xidmət göstərdiyi) bütün üçüncü tərəflərlə işgüzar münasibətlər qurulmamışdan öncə, zəruri məlumat və sənədlər əsasında Komplayens funksiyası tərəfindən eyniləşdirmə tədbirləri həyata keçirilir və qiymətləndirmə aparılır.
Təqdim olunmuş sənədlər əsasında Komplayens funksiyası tərəfindən yoxlama və qiymətləndirmə aşağıdakı meyarlar əsasında aparılır:
- Beynəlxalq və ölkədaxili “sanksiya siyahıları” üzrə yoxlanılması;
- Yüksək riskli ölkə və zonalar üzrə yoxlanılması;
- Benefisiar mülkiyyətçilərin müəyyən edilməsi və yoxlanılması;
- İctimaiyyətə açıq informasiya mənbələrində (KİV, internet ehtiyatları və s.) nüfuz sarsıdıcı məlumatlar üzrə araşdırma aparılması;
- Bankın davranış kodeksinə uyğun olaraq (Maraqlar münaqişəsi baxımından qiymətləndirilməsi);
- Qanunvericiliklə nəzərdə tutulan digər sahələr üzrə.
Komplayens Sistemləri
Fico Tonbeller modulları və Refinitiv (World check Məlumat Bazası).
Etik davranış qaydaları
Bu normalar Bankda işçilərin davranış qaydalarını tənzimləyir. Bankın imicinin - nüfuzunun formalaşmasına xidmət etməklə, işçilər üçün mənəvi, etik və hüquqi dəyərləri müəyyən edir.
Etik davranış qaydaları ilk növbədə Bankda işçilərin davranışına nəzarəti təmin edir, onu peşə daxilində bir çox ixtisaslara tətbiq etməyə imkan verir və təsvir edilən normalara əməl edilməsi üçün effektiv vasitələri təklif edir.
Mənəvi dəyərlərə işçinin işdə və işdənkənar davranışı, ictimai fəaliyyəti daxildir. Etik dəyərlərə Bankın imicinin qorunması, Bankın əmlakına münasibət və s. daxildir.
Hüquqi dəyərlərə qanunvericiliyə münasibət, bankdaxili prosedurlara əməl edilməsi, məxfi və xidməti istifadə üçün məlumatların qorunması və s. daxildir.
İşgüzar etiket - İşgüzar- professional (peşəkar) mühitdə davranış və ünsiyyətdir. İşgüzar etiket ətrafdakı insanlara hörmət və nəzakət, xeyirxahlıq və diqqət əsasında qurulur. Bankda hər bir işçi işgüzar münasibətlərdə subordinasiya qaydalarına ciddi əməl etməlidir.
Məlumatların saxlanması və qorunması
Bankın fəaliyyətinin bütün sahələrini əhatə etdiyi üçün əməkdaşlar aşağıdakı məlumatların mütləq konfidensiallığını (məxfiliyini) təmin etməlidirlər:
- Bankın şəxsi xarakterli məlumatları
- Bank sirri ilə bağlı qaydalar
- Bankın müştəriləri haqqında məlumatlar
- Bankın personalı haqqında məlumatlar
- Vəzifə mövqeyinə görə Bankın işçisinə məlum olan və ölkənin milli təhlükəsizliyi ilə bağlı məlumatlar və s.
Yenilənib: 17.07.2024