Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Xəbər verdiyimiz kimi, Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Ağacəkmə layihəsi ilk olaraq Kürdəmir, Saatlı, Qəbələ və Neftçala rayonlarında keçirilib. Adıçəkilən rayonlarda ümumilikdə 900-ə yaxın ağac əkilib. Tədbirdə Kapital Bank-ın əməkdaşları, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib. Ağacəkmə aksiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, PAŞA Holdinqin və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə keçirilib.
“Vətən Bağı” insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunub. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları, Kapital Bank və “Qırmızı Ürəklər” Xeyriyyə Fondu tərəfindən həyata keçiriləcək. Ağacların əkilməsi mövsümü zamanı digər rayonlarda da analoji aksiyalar təşkil olunacaq.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun yaradılmasında əsas məqsəd cəmiyyətimiz üçün faydalı işlər görməkdir. Üzvlərinin əksəriyyəti, Kapital Bank-ın könüllü əməkdaşlarından ibarət olan fondun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.