Atılan kiçik addımlar insanların həyatına böyük toxunuşlar edəcək qədər təsirli ola bilir

Paylaş:

2024-01-17

2023-cü ili böyük uğurlarla tamamlamış Qırmızı Ürəklər Fondunun (“Red Hearts”) prezidenti və bu uğurlu təşəbbüsün müəllifi Sevda Haqverdiyeva ilə 2023-cü il ərzində əldə olunan uğurlar və Fondun gələcək planları haqqında danışdıq.

Sevda xanım, ötən il Qırmızı Ürəklər Fondu (“Red Hearts”) üçün necə yadda qaldı? 

Düşünürəm ki, bu sualınızın cavabını sözdən çox rəqəmlərlə ifadə etsəm daha doğru olar. 3 fərqli istiqamətdə 31 934 donor tərəfindən edilən 1 521 238 manat ianə, 4 028 benefisiar, 242 könüllü göstəriciləri ilə tamamlanan bir il oldu. Bu göstəricilər Qırmızı Ürəklər Fondunun gələcək fəaliyyəti üçün daha da artan məsuliyyət və bizə inanan insanların qarşısında böyük bir öhdəlik deməkdir. 

Bu, könüllülərin təşəbbüsü ilə yaranan və kiçik addımları böyük missiyaya çevrilən bir fond üçün ciddi rəqəmlərdir. Yəqin ki, gələcək illər üçün məqsədiniz daha böyükdür. Maraqlıdır daha çox insana çatmaq üçün xüsusi bir mexanizm var, yoxsa ənənəvi üsullarla davam edirsiniz? 

Təbii ki, dövrün standartlarına uyğunlaşaraq bunu etməyə çalışırıq və deyə bilərəm ki,  sosial şəbəkələr bu yolda əsas köməkçimizdir. Açığı insanların dəstək istiqamətləri də fərqlidir. Məsələn, ətraf mühitin müdafiəsinə dəstək göstərən insanlar bəzən daha çox ola bilir və ya tam əksinə. Qırmızı Ürəklər Fondu (“Red Hearts”) olaraq 3 fərqli istiqamət seçməkdə məqsədimiz həm ianə strategiyamızı, həm də dəstək mexanizmini tənzimləməyə çalışmaqdır. Hər istiqamət üzrə konkret göstəriciləri vurğulasam son bir il ərzində Fonda “Cəmiyyət” kateqoriyasında 31 430 ianəçi tərəfindən 1 489 351 manat, “Ətraf-mühit” kateqoriyasında 281 ianəçi tərəfindən 27 047 manat, “Heyvanların müdafiəsi” üzrə olan kateqoriyada isə 223 ianəçi tərəfindən 4 705 manat ianə olunub. Bu rəqəmlərin arxasında komandamızın həyəcanı, zəhməti, böyük ürəyi və nəticədən doğan gözəl hisslər var. Məsələn, “Hər şey mümkündür” layihəsi çərçivəsində daun və autizm sindromlu 96 nəfər sosial həssas qrupdan olan uşağın olduğu 8 master-klas keçirmişik. Təsəvvür edirsiniz də o uşaqların yeni bacarıqlar əldə etmələri, onlara ömür boyu yaddaşlarında qalacaq gözəl hisslər bəxş etmək necə əvəzolunmaz xoşbəxtlikdir.

Sevda xanım, Birləşmiş Millətlər Təşkilatınının ötən ilin sonuna olan belə bir statistikası var idi ki, dünya əhalisinin 55%-ə yaxını şəhərlərdə yaşayır və bu göstərici 2050-ci ildə artıq 68%-ə qədər arta bilər. Qırmızı Ürəklər Fondunun (“Red Hearts”) ətraf mühitlə bağlı təşəbbüsləri çoxdur. Bu haqda da danışaq. 

Çox yaxşı mövzuya toxunursunuz. Qlobal istiləşmə, təbii ehtiyatların, xüsusən də içməli suyun azalması, eləcə də çirklənmə faizinin artması kimi hallar dünya sakinləri olaraq təbiətin hamımıza hərəkətə keçmək vaxtı olduğu ilə bağlı verdiyi ciddi bir mesajdır. “Təmiz mühit, təmiz gələcək” aksiyamızda Biləsuvar rayonu (Bolqar çayı), Şabran rayonu, Hövsan qəsəbəsi və Bilgəh qəsəbəsi daxil olmaqla ümumilikdə 15 hektar ərazidən 4,2 ton tullantı toplamışıq. 27 regionumuzda 6 355 ağacın təbiətə qazandırıldığı “Vətən bağı” da bu yolda etdiyimiz ən uğurlu layihələrdəndir. “Batareyaları təhvil ver, təbiəti qoru” layihəmiz çərçivəsində təkcə bu il 750 kq istifadə edilmiş batareya toplayıb, layihə çərçivəsində bizimlə sıx əməkdaşlıq edən ETSN-ə təhvil vermişik. Əlavə olaraq korporativ sosial məsuliyyət və dayanıqlı inkişaf mövzularında yol xəritəsinin hazırlanmasına töhfənin verilməsi üçün keçirilən “Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə Bakı Beynəlxalq Konfransı”nda tərəfdaşlığımızı və iştirakımızı da vurğulamaq istərdim. Bildiyiniz kimi bu il ölkəmiz üçün də bu mövzuda önəmli ildir. Cənab Prezidentin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamı iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə vacib töhfədir. Düşünürəm ki, bu sərəncamla ölkəmizdə ekologiya mövzusu daha da diqqət mərkəzində olacaq və bu istiqamətdə korporativ sosial məsuliyyət layihələrinin sayı da çoxalacaq. 

Dünyada ianəçilik uzun illərdir var və böyük bir mədəniyyət sayılır. Bunlara “UNICEF”, “World Wildlife Fund” (WWF), “AHBAP” dərnəyi kimi fondlar və vəqflər misal ola bilər. Bizdə ianəçilik mədəniyyəti necədir? 

Bəli, dünya bu mövzuda çox böyük yol keçib. Tarixə nəzər salsaq görərik ki, ianəçilik bizim mədəniyyətimizdə də var. Ancaq son dövrlər bu pərakəndə şəkildə idi. Biz Qırmızı Ürəklər Fondu (“Red Hearts”) olaraq təşəbbüsləri bir araya gətirərək sistemləşdirdik və bu prosses hələ də davam edir. İanəçilikdə vacib olan hər şeydən öncə güvəndir. İnsanlar ianələrinin doğru insanlara verildiyindən əmin olmalıdırlar. Bu isə öz növbəsində hesabatlılıqda daha həssas olmalı olduğumuzu göstərir. 
Türkiyədə baş verən zəlzələ zamanı “Türkiyə üçün bir ürək olaq” aksiyasımızda 26 mindən çox vətəndaşımızın ianəsi hesabına toplanan 742 245 manat vəsait adını çəkdiyiniz “AHBAP” dərnəyinə ianə edildi. Həmin müddətdə kiçik uşaqların cib xərcliklərini, eləcə də yaşlı nəslin təqaüd pullarını bağışlamağı bu mədəniyyətin bizim ruhumuzda olduğunu, xalqımızın necə bir ürəyə və həmrəyliyə sahib olduğunu göstərirdi. Açığı ianəçilik dünyada tək istiqamətli getmir və xoş haldır ki, bizdə də fərqli istiqamətlərdə dəstəklər artır. Məsələn, heyvanların müdafiəsi üzrə dəstək olan insanlarımızın sayı az deyil. “Pəncəli ürəklər” aksiyamızın davamlılığı bunun göstəricisidir. 

Qeyd etdiyiniz kimi bu işlərin hər biri həm də ehtiyacı olan insnaların həyatına toxunmaq şansıdır. Yadınızda qalan hansısa xatirəniz varmı?

Bilirsiniz hər edilən ianədə, hər görüşdə o qədər məna yükü çox olan xatirələr toplanır ki, insanda yorğunluq belə qalmır. “Qırmızı Ürəklər Təqaüd Proqramı”nın qalibi olan 25 tələbənin sevinci, “Tarix yazan qəhrəmanlarımız” layihəsində 9 şəhid ailəsinin tam təmirli evlə təmin olunması, eləcə də 70 nəfər qazimizə birdəfəlik maddi yardımın edilməsi vaxtı duyulan qürur hissi və daha da saya biləcəyim onlarla anlar var ki, hər biri yaddaşımızda daim qalacaq. Məsələn, təqaüd verdiyimiz qızlarımızdan biriylə danışanda məlum oldu ki, onun birinci il üçün olan təhsilhaqqını ailəsinin imkanı olmadığı üçün dayısının ailəsi ödəyib. Hansı ki, dayısı Vətən uğrunda şəhid olmuşdu. Həmin qızımızın bizdən təqaüd alacağını eşidəndəki sevincini hələ də xatırlayıram. Əlbəttə ki, könüllülərimizi də unutmaq olmaz, çünki bu təşəbbüslər vaxtı bizi tək qoymurlar. 

Könüllülər demişkən, komandanızı motivasiya edən nədir? Nədən güc alırsınız?  

Atılan kiçik addımlar insanların həyatına böyük toxunuşlar edəcək qədər təsirli ola bilir. Bundan vacib motivasiya görmürəm. Çünki o insanların həyatında biz, bizim də həyatımızda onlarla yaşanan anlar daim qalır deyə düşünürəm. “Vətən bağı” layihəmizdə ən böyük yardımçılarımız “Baku Education Information Center”in tələbələri olmuşdu. Belə bir fakt deyim ki, dünyanın bir çox universitetləri tələbə qəbulu edərkən namizədlərin bu tip aksiyalarda, layihələrdə iştirakını nəzərə alırlar. Tələbələrin, şagirdlərin bizdən alacağı sertifikatlar da onlar üçün bir motivasiya ola bilir. Daha sonra bayramlarda ailələrə verilən sovqatların paylanması, o ailələrə edilən yardımlar, saya biləcəyim onlarla gözəl təşəbbüslər və hər birinin bizə qatdığı hisslər əvəzolunmazdır.  

Təşəkkür edirik, Sevda xanım. Əlavə etmək istədiyinz və ya insanlara çağırış olaraq bildirəcəyiniz sözünüz varsa buyurun.  

Mən təşəkkür edirəm. Danışdığımız hər təşəbbüsün arxasında dəstək göstərdiyimiz insanlarla bərabər, bizim həyatımıza da təsir edən müsbət geridönüşlər, hisslər var. O hisslərin dəyəri heç bir maddiyatla ölçülə bilməz. İstər cəmiyyətimiz, istər təbiətimiz, istərsə də heyvanların müdafiəsi üçün bütün təkliflərə, bütün təşəbbüslərə qapımız hər zaman açıqdır. Təşəbbüs olaraq başladığımız 49 nəfərlik ailə bu gün 200 nəfərdən çox könüllümüzün olduğu bir komanda, böyük bir Fond olub və ailəmizin daha da böyüyəcəyindən əminəm.