Xeyriyyəçiliklə məşğul olan “Qırmızı ürəklər” bayram ərəfəsində şəhid övladlarını sevindirdi

Paylaş:

2020-12-30

Məlumat verdiyimiz kimi, Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə 1 il əvvəl yaradılan “Qırmızı ürəklər” (“Red Hearts”) könüllülər qrupu Bakı ilə yanaşı regionlarda da xeyriyyə aksiyaları keçirir, imkansız, çoxuşaqlı ailələri, əlilləri, yaşlı insanları ziyarət edir, onlara ərzaq və gündəlik tələbat məhsulları təqdim edir. Bu günə qədər qrup tərəfindən ölkənin 50-dən artıq rayonunda xeyriyyə aksiyaları təşkil edilib, 100-lərlə  aztəminatlı ailələrə yardım göstərilib.

Cari ilin mart ayından başlayaraq Azərbaycanda pandemiya olan vaxtdan bütün ölkə üzrə bir sıra xeyriyyə aksiyaları təşkil edilib. Bu aksiyalar 54 rayonda keçirilməklə, ümumilikdə 1500-dən artıq ailəni əhatə edib. Bundan başqa Qurban bayramında “Qırmızı ürəklər” 60-dək rayonda 900-dək ailəni ziyarət edib, yardımlar göstərib. Həmçinin Tovuz rayonunda yerləşən “N saylı” hərbi hissədə qurbanlar kəsilib və 200 kiloqram qurban əti əsgərlərə bişirilib.

2020-ci ilin iyul ayından – cəbhə bölgəsində gərginlik başlayan andan, müharibənin ən qızğın vaxtlarında belə “Qırmızı ürəklər” hər zaman həmrəylik nümayiş etdirib və demək olar ki, hər həftə cəbhə bölgələrinə yardımlar göndərib, dəstək aksiyaları təşkil edib. Yalnız sentyabr-oktyabr aylarında orduya dəstək üçün fondun könüllüləri tərəfindən ümumilikdə 60 000 manat vəsait toplanıb və xeyriyyə işlərinə xərclənilib. Hazırki vaxtda da yardımlar davam etdirilir və dekabr ayı ərzində Qubadlı, Zəngilan, Laçın istiqamətində təxminən 1500 əsgərə yardım aparılıb.

Həmçinin cəbhə bölgəsində olan 1400-ə yaxın əsgər və zabitlərimizin ailələrinə yardımlar göstərilib. Dünyanın bir sıra ölkələrindən də həmrəylik nümayiş etdirən həmvətənlərimiz və xarici vətəndaşlarla birgə bu aksiyada, ümumilikdə 370 000 manata yaxın vəsait toplanıb və təyinatı üzrə xərclənib. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində isə şəhidlərin övladları üçün aksiya keçirib və ümumilikdə 1300-dən artıq uşağı bayram hədiyyələri ilə sevindirib.

Bütün bu sadalananlar bir daha sübut edir ki, əməkdaşların özlərinin təşəbbüsü ilə yaradılan qrup cəmiyyətin bir hissəsi olduğunu anlayaraq, hər zaman xeyirxah əməllər etməyi, imkansızları sevindirməyi özünə borc bilir. Hazırda 200-dək üzvü olan təşəbbüs qrupu, 2019-cu ilin dekabr ayında yaradılıb. Qrupun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.