Zaqatalada “Sıfır Tullantı” həmrəylik marafonu keçirildi
Xəbər verdiyimiz kimi Qırmızı Ürəklər Fondu ölkənin birinci bankı Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “Sıfır Tullantı” həmrəylik marafonuna start verib. Layihənin məqsədi müxtəlif ərazilərdə təbiətin tullantılardan təmizlənməsi ilə yanaşı həmin ərazidə məskunlaşan insanlarda ətraf mühitin mühafizəsinə həssas yanaşmanın artırılmasıdır. Artıq 3 regionda icra edilən layihənin növbəti dayanacağı Şəki-Zaqatala iqtisadi rayonu olub.
İqtisadi rayonun ərazisində yerləşən filiallarda çalışan 35 könüllünün iştirakı ilə baş tutan marafonda təyin edilən ərazi 813 kq həcmində tullantıdan təmizlənib. Ərazinin sürətli və effektiv təmizlənməsini həyata keçirmək üçün prosesə xüsusi texniki vasitələr də cəlb olunub. Layihə iştirakçıları sonda bu təşəbbüsü dəstəkləyən hər kəsi, xüsusən də ölkənin aparıcı şirkətlərini təbiətin qorunması istiqamətində layihələrdə iştirak etməyə çağırıb.
Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.