“Qırmızı ürəklər” Fondunun 2 yaşı tamam oldu!
Çoxsaylı xeyirxah əməllər həyata keçirən, sosial əhəmiyyətli layihələr icra edən, indiyədək minlərlə insana maddi və mənəvi dəstək göstərən, ölkənin bütün regionlarını əhatə edən “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının 2 ili tamam oldu. Bununla bağlı 10 dekabr 2022-ci il tarixində “Atelier 61 Events Hall”da tədbir keçirildi.
Tədbirdə PAŞA Holdinqin və Kapital Bank-ın nümayəndələri, donorlar, fondun üzvləri, əməkdaşları və könüllüləri iştirak edirdi. Tədbirdə çıxış edən “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva fondun fəaliyyət istiqamətləri, gördüyü işlər, hesabatlar və gələcək planlar barədə ətraflı məlumat verdi. Həmçinin fondun ən fəal üzvləri il ərzində göstərdikləri fəaliyyətlərə görə xüsusi sertifikatlarla təltif edildi.
İndiyədək fond tərəfindən müəyyənləşdirilən 3 əsas istiqamət (cəmiyyət, ətraf mühit, heyvanlar) üzrə müxtəlif sosial layihələr icra edilib. Həssas qrupdan olan uşaq evlərində və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyani ərazilərdə təmizlik işləri, heyvan sığınacaqlarında dəstək aksiyaları keçirilib. “Qırmızı Ürəklər” Fonduna 2022-ci il ərzində 1041 donor tərəfindən, 200-dən artıq könüllülərin iştirakı ilə 700 min manata yaxın məbləğində vəsait 4028 benefesiara ianələr şəklində dəstək göstərilib.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra populyar müğənnilər Murad Arif və Samira çıxış edərək “Qırmızı Ürəklər”i ad günü münasibətilə təbrik etdi.
“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.