Kapital Bank biznesə başlamaq üçün 15 nəfərə dəstək göstərib
Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində növbəti layihənin icrasına başlayıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulub.
Bununla da Bakının Nizami və Binəqədi rayonu, həmçinin Gəncə, Ağdam, Xocalı, Gədəbəy, Oğuz, Şəmkir, Füzuli, Göyçay, Astara və Cəlilabaddan, ümumilikdə 15 nəfər işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar təqdim edilib.
Qeyd edək ki, layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilib və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verəcək.