Bakı Fond Birjasında Kapital Bank-ın manat istiqrazları “Açılış zəngi” ilə bazara təqdim olundu
Ölkənin birinci bankı Kapital Bank kapital bazarında həm yerli, həm də xarici valyutada yeni maliyyə alətlərinin buraxılışını həyata keçirir. Daha öncə bank rəsmiləri 100 000 000 (yüz milyon) manat həcmində istiqrazın bazara buraxılacağı haqqında məlumat vermişdilər. 10 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında təntənəli Açılış zəngi tədbiri ilə bankın 50 000 000 (əlli milyon) manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı.
Tədbiri çıxış sözü ilə Bakı Fond Birjasının Baş kommersiya inzibatçısı Oqtay Qasımov açaraq kapital bazarında əhalinin investisiyalarının artırılmasının önəmini vurğulayıb. Kapital Bank-ın Xəzinədarlıq departamentinin direktoru Fərid Əliyev isə maliyyə bazarlarında investisiya alətlərinin çeşidlərinin artırılmasının əhəmiyyətindən danışıb. “Azərbaycan maliyyə bazarı yüksək inkişaf potensiallı bir mühitdir. Biz bu bazarın liderlərindən biri olaraq ölkəmizdə kapital bazarının maliyyə sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək istəyirik. Hədəfimiz bazar infrastrukturunun inkişaf etdirilməsi, bazara olan etimadın gücləndirilməsi, bazara çıxış imkanlarının genişləndirilməsidir. Buna görə də biz həm xarici, həm də yerli valyutada yeni maliyyə alətlərini təqdim edirik”.
Daha sonra “PAŞA Kapital İnvestisiya Şirkəti”nin İdarə heyəti sədrinin müavini Rauf Qurbanov çıxış edərək bildirdi ki, “İnvestisiya imkanlarını dəyərləndirmək istəyən vətəndaşlarımız sahəsinin iki lideri - ölkənin ən böyük filial şəbəkəsinə malik olan bankı Kapital Bank və ən böyük bazar payına malik olan investisiya şirkəti PAŞA Kapital tərəfindən təqdim olunan etibarlı, rahat və sürətli xidmətdən faydalana biləcəklər. İstiqrazların alışını həyata keçirən investorlar geri satmaq istədikləri təqdirdə heç bir faiz itkisi olmadan həmin günə qədər hesablanmış bütün faizləri əldə edə biləcəklər”.
Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Xatırladaq ki, daha öncə Kapital Bank-ın ümumi dəyəri 35 000 000 (otuz beş milyon) ABŞ dolları olan subordinasiya istirqazlarının yerləşdirilməsi başa çatmışdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.