Sosial müavinət və təqaüdlərin alınması üçün plastik kartların verilməsi davam edir

Hazırda bununla bağlı Bankın 10 Bakı və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
24.07.2015

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial müavinətlərin və təqaüdlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənişi xidmətlərinin  satınalması üzrə may ayında tender elan edilmişdir. Tenderdə Kapital Bank qalib seçilmiş və bu ilin iyul ayının əvvəlindən etibarən respublika üzrə bütün sosial müavinət və təqaüdlərin plastik kartlarla ödənilməsi xidmətinə başlanılmışdır. 

Bununla əlaqədar olaraq, müvafiq ƏSMM-lər Kapital Bankın şəhər və rayon filiallarına vətəndaşlar üçün plastik kartların hazırlanması və təqdim olunması ilə bağlı artıq sifarişlərini həyata keçiriblər. Qeyd edək ki, Bank öz növbəsində iyul ayının 16-dan etibarən plastik kartların paylanması prosesinə start vermişdir. Hazırda bununla bağlı Bankın 10 Bakı və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Artıq on minlərlə insan yalnız şəxsiyyət vəsiqəsilə Kapital Bankın müvafiq filialına yaxınlaşaraq növbəlik prinsipi ilə öz ödəniş kartlarını almış və müvafiq vəsaitləri Bankın bankomatlarından nağdlaşdıra bilmişdir. Kartların verilməsini sürətləndirmək məqsədilə Bankın müvafiq filiallarında iş qrafikini dəyişmişdir. Belə ki, filiallar həftə içi 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 09:00 – 18:00-dək müştərilər üçün açıq olacaqdır. Qeyd edək ki, gücləndirilmiş iş rejimi iyul ayının sonunadək qüvvədə qalacaq.

“Bankın bu istiqamətdə keçirilmiş tenderdə qalib gəlməsi uğur olmaqla yanaşı, həm də məsuliyyət deməkdir və bizim üçün böyük şərəfdir ki, respublika əhəmiyyətli sosial layihələrin bir hissəsi ola bilirik” – deyə Bankdan bildirmişlər.

Qeyd edək ki, sosial müavinət və təqaüdlərin alınması üçün plastik kartların verilməsi aşağıdakı filiallarda həyata keçirilir: 

1 saylı Nəsimi, 2 saylı Yasamal, Nərimanov, 1 saylı Səbail, 1 saylı Binəqədi, Nərimanov, Qaradağ, Mingəçevir, Ağdaş, Ağsu, Zərdab, Kürdəmir, Göyçay, Ucar, Şamaxı, Xəzər, 2 saylı Nizami, 2 saylı Suraxanı, 2 saylı Sabunçu, 2 saylı Sumqayıt, Daşkəsən, Gəncə, Göygöl, Samux, Tovuz, Gədəbəy, Şəmkir, Ağstafa, Qazax, Şəki, Balakən, Oğuz, Qax, Qəbələ, Zaqatala, İsmayıllı 

Filialların yerləşdiyi yerləri təyin etmək üçün XƏRİTƏ