Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

Çətin iqtisadi mühitə baxmayaraq növbəti 12 ay ərzində Kapital Bank mənfəətlik dərəcəsini qoruyub saxlayacaq.
26.07.2017

Moody's Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) “b1”, yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqi isə “Ba3” səviyyəsində təsdiqlənərək, dəyişilməz olaraq saxlanılıb. Kontragentin uzunmüddətli risk dəyərləndirməsini “Ba2 (cr)”, qısamüddətli risk dəyərləndirməsini isə “Not Prime (cr)” səviyyəsində təsdiq edilib. Hesabatda həmçinin qeyd olunur ki, Kapital Bank-ın gəlirliyi eyni səviyyədə olan qlobal həmkarları ilə bərabərdir və ölkə daxili rəqiblərindən daha yüksəkdir.

“Çətin iqtisadi mühitə baxmayaraq növbəti 12 ay ərzində Kapital Bank mənfəətlik dərəcəsini qoruyub saxlayacaq. Bank kifayət qədər kapital ehtiyatına malikdir və 1 yanvar 2017-ci il tarixinə qədər Bankın kapital yetərliyi və likvidlik əmsalları yaxşıdır. Korporativ müştərilərə, hökumət strukturlarına, büdcədən vəsait alanlara və digər ödəmə qabiliyyəti olan müştərilərə Bankın kredit verməsi, mümkün riskləri qismən azaldır. Digər banklarla müqayisədə Kapital Bank-ın xarici valyuta riskinə məruz qalma səviyyəsi nisbətən mülayimdir”, - deyə hesabatda qeyd olunur.

Qeyd edək ki, Kapital Bank maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2016-cı ilin uğurlu yekunlarını əks etdirib. Bankın aktivləri il ərzində 53,3% artaraq, 3,1 mlrd. manat, müştərilərə verilən kreditlər 9,1% artaraq 1,3 mlrd. manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 30% artaraq 593,6 mln. manat olub. Bankın xalis mənfəəti 52,4 mln. manat, nizamnamə kapitalı 185,8 mln. manat, məcmu kapitalı 282,1 mln. manat təşkil edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.