Kapital Bank fermerlərə güzəştli kreditlər təklif edir

Kreditlər fermerlərə 1 000 manatdan, 200 000 manatadək olmaqla, maksimum illik 7%-lə veriləcək.
25.05.2018

Kapital Bank-la Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti arasında protokol imzalanıb. Protokolun şərtlərinə əsasən fermerlərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub.

İmzalanma mərasimində Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd təsərrüfatı üzrə Təşkilatının (FAO), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təmsilçiləri də iştirak edib.

“Kapital Bank olaraq biz kiçik-orta sahibkarlığın inkişafına böyük diqqət ayırırıq və bu sahəyə güzəştli kreditlərin verilməsini təmin edirik. Kənd Təsərrüfatı Nazirliyi ilə olan bu layihə sahibkarlığın inkişafına müsbət təsir göstərəcək. Kreditlər fermerlərə 1 000 manatdan, 200 000 manatadək olmaqla, maksimum illik 7%-lə veriləcək. Həmçinin layihədə beynəlxalq təşkilatların mövcudluğu, kreditlərin verilməsi və monitorinqlər zamanı xarici təcrübədən yararlanmağa imkan yaradacaq”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.