Fiziki imkanları məhdud olan şəxslər üçün Mobil Qrup Xidməti yaradılır

Mobil Qrupun yaradılmasının məqsədi, fiziki məhdudiyyəti olan müştərilərin kartlarını ünvanlarına çatdırmaqdır.
31.07.2015

Artıq 10 gündür ki, Kapital Bankın rayon və şəhər filiallarında sosial müavinət və təqaüdlərin alınması üçün plastik kartların vətəndaşlara verilməsi davam edir. Bura əlillik, sosial müavinət və şəhid ailələrinə verilən kartlar aiddir. Bu günə kimi 60 mindən çox insan növbəlilik prinsipi ilə öz kartını yeniləyib.

Fiziki imkanları məhdud olan şəxslərin rahatlığı üçün Kapital Bank tərəfindən avqust ayının əvvəlindən etibarən Mobil Qrup Xidməti fəaliyyətə başlayacaq. Mobil Qrupun yaradılmasının məqsədi, fiziki məhdudiyyəti olan müştərilərin kartlarını ünvanlarına çatdırmaqdır. Həmçinin bütün sənədləşmə işləri kart sahiblərinin yaşadıqları ünvanda aparılacaq.

Qeyd edək ki, kartların paylanması prosesini sürətləndirmək məqsədilə Bankın 10 paytaxt və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərməkdə davam edir. Filiallar həftə içi 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 09:00 – 18:00-dək müştərilərin xidmətindədir. Kart sahibləri qeydiyyatda olduğu rayon üzrə Kapital Bankın filialına şəxsiyyət vəsiqəsilərini təqdim etməklə kartlarını yeniləyə bilərlər.Kartların paylanması prosesi avqust ayında da davam edəcək.

Kapital Bank hazırda 89 filialı və 6 şöbəsi ilə Azərbaycanın bütün rayon və şəhərlərində xidmət göstərir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün kapitalbank.az saytına, 196 nömrəli müştəri xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.