“Fitch Ratings” Kapital Bankın reytinqlərini yüksəldib

Agentlik Bankın dayanıqlılıq reytinqini (VR) ‘b’ dən ‘b+’ə yüksəldib.
29.09.2015

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Kapital Bank” ASC-nin emitentin uzunmüddətli defolt reytinqini ‘B+’ səviyyəsindən ‘BB-’ səviyyəsinə çatdırıb. Agentlik Bankın dayanıqlılıq reytinqini (VR) ‘b’ dən ‘b+’ə yüksəldib. Bundan başqa, “Fitch Ratings” “Kapital Bank”ın xarici valyutada uzunmüddətli reytinqini “Sabit” proqnozla ‘BB-’ , xarici valyutada qısamüddətli reytinqini ‘B’ və dəstək reytinqini ‘3’ səviyyəsində təsdiqləyib.

Hesabatda qeyd olunur ki, Kapital Bankın reytinqinin ‘B+’ səviyyəsindən ‘BB-’ səviyyəsinə yüksəlməsi bankın dəstək reytinqinin yaxşılaşması və Azərbaycan hökümətinin ehtiyac yarandıqda banka dəstək göstərməsi ilə əlaqədardır.

Agentlik “Kapital Bank”ın “Paşa Holdinq”in tərkibində olduğunu və bu bank qrupunun bazardakı məcmu əmanət portfelinin 14,1%-nə, məcmu kredit portfelinin 8,8%-nə sahib olduğunu qeyd edib. Bununla yanaşı, “Kapital Bank”ın respublikada ən geniş filial şəbəkəsinə malik olması, təqaüdçülərin və digər sosial, büdcə ödənişlərinin həyata keçirməsində xüsusi rolu və dövlət qurumlarının kreditləşməsində Bankın iştirak etməsinin önəmi vurğulanıb. Hesabatda bildirilir ki, “Kapital Bank” 2013-2014-cü illərdə kapitalını 100 milyon manat artırıb və kapitalın adekvatlılıq əmsalı 2015-ci ilin ilk yarısında 19,2%-ə çatıb.

“Kapital Bank”ın pərakəndə kredit portfelini yaxşı və likvidlik mövqeyini sağlam qiymətləndirən agentlik, istehlak kreditlər portfelinin də uğurla inkişaf etdiyini bildirib. Qeyd edilib ki, lazımi qədər əmanət yığımı imkanlarına malik olması və Bankın böyük həcmli borclanmalarında qeyri-hökumət vəsaitlərinin olmaması “Kapital Bank”ın likvidlik mövqeyini daha da möhkəmləndirir.