“Fitch” Kapital Bankın reytinqini yüksəltdi

Kapital Bankın 2014-cü ildə əsas fəaliyyət göstəriciləri üzrə əldə etdiyi mühüm nailiyyətlər “Fitch” Beynəlxalq Reytinq Agentliyinin Banka verdiyi yeni reytinqlərdə də öz əksini tapıb.
17.12.2014

Kapital Bankın 2014-cü ildə əsas fəaliyyət göstəriciləri üzrə əldə etdiyi mühüm nailiyyətlər “Fitch” Beynəlxalq Reytinq Agentliyinin Banka verdiyi yeni reytinqlərdə də öz əksini tapıb. Agentlik Bankın dayanıqlıq reytinqini (Viability Rating) –b səviyyəsindən b səviyyəsinə qədər yüksəldib.

Kapital Bankın dayanıqlıq reytinqindəki bu müsbət dəyişiklik son dövrlər Bankda müşahidə edilən davamlı inkişaf prosesləri və güclü kapitallaşma ilə əsaslandırılıb. Eyni zamanda bildirilib ki, dayanıqlıq reytinqinin yüksəlməsi aktivlərin keyfiyyətindəki mümkün dəyişmələrdə Kapital Bankın kifayət qədər möhkəmliyini və geniş kapital buferlərinin nəticələrini əks etdirir. Bu fakt Kapital Bankın yeni inkişaf strategiyasının və biznes planının uğurla reallaşdırıldığını göstərir.

“Fitch”-in banka verdiyi digər reytinqlər aşağıdakı kimidir:

Xarici valyutada uzunmüddətli defolt emitenti reytinqi (Long-term foreign currency IDR): B+ (stabil proqnozla)
Xarici valyutada qısamüddətli defolt emitenti reytinqi (Short-term foreign currency IDR): B
Fərdi dəstək reytinqi (Support Rating): 4
Uzunmüddətli emitentin defolt reytinqi üzrə dəstək reytinqi (Support Rating Floor): B+
Agentliyin yaydığı açıqlamada Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik bank kimi Kapital Bankın dövlət əhəmiyyətli müxtəlif sosial layihələrin icrasında oynadığı rol xüsusi vurğulanıb. “Fitch” Kapital Bankın son dövrlər pərakəndə kreditlərin verilməsi sahəsində qazandığı nəticələrə və əldə etdiyi yüksək mənfəətliliyə də diqqət yönəldib. Tətbiq olunan mexanizmlər hesabına bu kreditlər üzrə risklərin minimal səviyyədə olduğu göstərilib.

“Fitch” Kapital Bankın likvidlik mövqeyini də sağlam qiymətləndirib. Qeyd edilib ki, lazımi qədər depozit yığımı imkanlarına malik olması və Bankın böyük həcmli borclanmalarında qeyri-hökumət vəsaitlərinin olmaması Kapital Bankın likvidlik mövqeyini daha da möhkəmləndirir.