“Biz müştərilərimizlə qarşılıqlı faydalı əməkdaşlıq qurmağı əsas vəzifəmiz hesab edirik”

“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri cənab Allahverdiyev ilə müsahibə
19.05.2015

Cənab Allahverdiyev, 2014-cü il ərzində bank sektorunun ən aktiv, gündəmdə olan təmsilçilərindən biri Kapital Bank oldu. İlin yekunlarını necə dəyərləndirirsiniz?

2014-cü il Kapital Bankın tarixində mühüm yeniliklər və böyük uğurlarla dolu əlamətdar bir il kimi yer aldı. Bankın səhmdarlarının 2013-cü ildə qəbul etdiyi yeni uzunmüddətli inkişaf strategiyasına əsasən bank öz fəaliyyətində 3 dəyəri – keyfiyyət, şəffaflıq və mənfəətliliyi əsas tutaraq bütün istiqamətlər üzrə ciddi islahatlara başladı. İndi ötən ilin nəticələrinə nəzər salarkən bankın yeni rəhbər komandasının və bütövlükdə əməkdaşlarımızın hər birinin ciddi zəhmətinin hədər getmədiyini, əldə etdiyimiz nailiyyətlərin proqnozlarımızın daha üzərində olduğunu təsbit edə bilərik.

Bankda ötən il ərzində aparılan islahatlar ilk növbədə bütövlükdə fəaliyyətimizdə, xüsusilə müştərilərimizə xidmət sahəsində olan qüsurlarımızı aradan qaldırmağa yönəldi. Əməkdaşların attestasiyası, filialların ardıcıl monitorinqi, ələlxüsus müştərilərimizdən aldığımız irad və təkliflərinin təhlili bizə bir çox filial və şöbələrimizdə olan çatışmazlıqları üzə çıxarmağa, bankın dəyərlərini paylaşmayan əməkdaşlarımızla yollarımızı ayırmağa zəmin yaratdı. Sözsüz ki, bu asan və qısamüddətli proses deyil, onu bitmiş hesab etmək olmaz. Bu istiqamətdə davamlı fəaliyyətimiz xidmətlərin keyfiyyətini artırmaq, şəffaflığı təmin etmək, müştəri məmnuniyyətini yüksəltmək baxımından çox əhəmiyyətlidir.

Eyni zamanda Kapital Bank 2014-cü ildə məhsul portfelinin zənginləşdirilməsinə xüsusi əhəmiyyət verirdi. Ölkənin ən böyük xidmət şəbəkəsinə malik olmaqla biz cəmiyyətin bütün təbəqələrinin istək və ehtiyaclarına cavab verən müasir və müştəriyönümlü məhsullar təqdim etməyə borcluyuq. Tarixən real sektorun maliyyələşdirilməsi istiqamətində güclü olan Bankımız keçən il demək olar ki, əsas fokusunu pərakəndə bankçılığın inkişafına yönəltdi və bu sahədə nəzərəçarpacaq irəliləyişə nail oldu. Biz hər sahədə fəaliyyətimizin keyfiyyətini yüksəltməklə müştərilərimizlə qarşılıqlı faydalı əməkdaşlıq qurmağı əsas vəzifəmiz hesab edirik.

Verdiyimiz qərarların doğruluğu və komandamızın əzmkarlığı ilin sonunda Bankın əsas maliyyə göstəricilərində də öz bariz əksini tapdı. Bunun ən gözəl sübutu kimi Kapital Bankın mənfəətinin 2013-cü illə müqayisədə 2 dəfədən çox artaraq 67,9 mln. manat təşkil etməsini göstərə bilərəm. Onu da vurğulayım ki, bu göstərici Bankın tarixi rekordudur. Bununla yanaşı, ötən il bankın aktivləri 30%, kredit portfeli 27%, əmanət portfeli 43% artmışdır.

Kapital Bankın 2014-cü ildə əldə etdiyi mühüm nailiyyətlər “Fitch” Beynəlxalq Reytinq Agentliyinin Banka verdiyi yeni reytinqlərdə də öz əksini tapıb. Bankın dayanıqlıq reytinqi “b” səviyyəsinə qədər yüksəlib, agentliyin şərhində isə Kapital Bankın dayanıqlıq reytinqindəki bu müsbət dəyişiklik son dövrlər Bankda müşahidə edilən davamlı inkişaf prosesləri və güclü kapitallaşma ilə əsaslandırılıb.

 

Keçək 2015-ci ilə. Bu ilin ilk rübü manatın kəskin ucuzlaşması ilə əlamətdar oldu. Bu prosesin ən çox təsir etdiyi sahə sözsüz ki, bank sektorudur. Kapital Bank-a bu prosesin qısa və uzunmüddətli təsirləri barədə danışa bilərsinizmi?

Artıq indidən əminliklə söyləyə bilərəm ki, Kapital Bank bu ciddi sınaqdan başı uca çıxdı. Sözsüz ki, manatın fevral ayında ucuzlaşmasından sonra cəmiyyətdə müəyyən narahatçılıqlar var idi, xüsusilə gəzən müxtəlif şaiyələr insanların qərar verməsinə təsirsiz ötüşmədi. Əldəki vəsaitlərini xarici valyutaya dəyişənlər oldu, banklarda olan əmanətlərini çıxaranlar oldu və s. Bununla belə biz aktivliyin yüksəldiyi günlərdə belə Banka müraciət edən bütün müştərilərə xidmət göstərmək, sorğuları cavablandırmaq üçün resurslarımızı səfərbər etdik və ümid edirik ki, müştərilərimizin məmnuniyyətini təmin etmiş olduq. Bu bizim üçün hər şeydən önəmlidir.

Manatın ucuzlaşmasının Bankın maliyyə göstəricilərinə təsirinə gəlincə isə, sözsüz ki, biz də digər banklar kimi bu proseslər zamanı zərər etdik. Bununla belə biz peşəkar həmkarlarımızın ciddi səyi, müştərilərimizin bizə göstərdiyi etimad və verdiyimiz doğru qərarlar sayəsində qısa müddət ərzində bu zərərləri aradan qaldırıb inkişaf tempimizi artırmağa başladıq. Bu ilin ilk rübünün maliyyə nəticələri göstərdi ki, biz bu çətin sınağın öhdəsindən uğurla gələ bildik. Nümunə kimi qeyd etmək istəyirəm ki, ölkə banklarının böyük əksəriyyətində müştərilərin öz əmanətlərini bankdan çıxardığı vaxtda Kapital Bankda, əksinə, depozit portfelinin artımı müşahidə olundu. Belə ki, Bankın 2014-cü ilin sonuna depozit portfeli 607 mln. manat olduğu halda, 2015-ci ilin aprelin 1-nə eyni göstərici 629 mln. manat təşkil etmişdir. Bundan əlavə Bankın xarici valyutada olan aktiv və passivlərinin strukturunun uğurlu idarə edilməsi də Kapital Bankı valyutanın dəyərinin dəyişməsi nəticəsində daha böyük zərərlərdən qorumuş oldu.

Mövzu ilə bağlı daha bir vacib qərarı da sizinlə paylaşmaq istəyirəm. Kapital Bank 21 fevral tarixində manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar müştərilərin həssaslığını nəzərə alaraq, həmçinin məmnuniyyətini artırmaq üçün müstəsna hal kimi 1062 nəfər kart müştərisinin texniki overdraft zamanı məzənnə fərqindən yaranmış zərərini öz hesabına bərpa etdi. Bununla bağlı Bankın müvafiq struktur bölmələri tərəfindən aparılan proseslər başa çatdırılıb və müvafiq vəsaitlər kart sahiblərinin hesablarına köçürülüb.


Hazırda əhali manatın bundan sonra da ucuzlaşacağından ehtiyat edərək öz əmanətlərini əsasən xarici valyutada saxlamağa üstünlük verir. Bu şəraitdə manat depozitləri cəlb etmək üçün hansı tədbirləri həyata keçirirsiniz?

İlk növbədə onu vurğulayım ki, manatın xarici valyutalara nisbətdə dəyərinin artıb-azalmasını proqnozlaşdırmaq kifayət qədər çətindir. Bildiyiniz kimi buna təsir edən bir çox makroiqtisadi və qlobal faktorlar var. Hazırda müşahidə edirik ki, əmanətlərini evdə saxlamağa üstünlük verən müştərilərin bir çoxu yenidən güvəndiyi banklara vəsaitlərini yerləşdirir. Və bu təbii prosesdir. Belə ki, bank sektoru iqtisadiyyatın döyünən ürəyidir. Əhalinin banklarla qarşılıqlı əməkdaşlığı iqtisadiyyatın inkişafının təməl prinsiplərindən biridir.

Sualınızın ikinci hissəsinə gəlincə, müştərilərimizin istək və sorğularının, həmçinin davranışlarının təhlili nəticəsində biz bütün məhsullarımızın şərtlərini optimallaşdırmağa çalışırıq. Təhlillərimiz göstərdi ki, son 2 ay ərzində müştərilərimiz öz əmanətlərini milli valyutada uzun müddətə yerləşdirməkdə bir qədər tərəddüd edirlər. Bunu nəzərə alaraq biz qısamüddətli manat əmanətlərinin gəlirliliyini yüksəldərək müştərilərə illik 12%-ə qədər qazanc əldə etmələrinə şərait yaratdıq. Bundan əlavə daha bir unikal addımımız da müştərilərimiz tərəfindən böyük rəğbətlə qarşılandı. Azərbaycanın bank bazarında ilk dəfə olaraq məhz Kapital Bank müştərilərin əmanətlərini məbləğindən asılı olmayaraq sığortalamağı öz öhdəsinə götürdü. Nəticədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qoyulmuş tələblərə cavab verməyən əmanətlər belə Bank tərəfindən özəl sığorta şirkətləri vasitəsilə sığortalanacaqdır. Biz hazırda bu layihə çərçivəsində Paşa Sığorta şirkəti ilə əməkdaşlıq memarandumu imzalamışıq.

 

Martın 16-da imzalanan tərəfdaşlıq müqaviləsi ilə “Kapital Bank” ASC Bakı 2015 l Avropa oyunlarının rəsmi tərəfdaşı oldu. Bu barədə oxucularımıza məlumat verə bilərsinizmi?

Azərbaycanda idmanın inkişafı, əhalinin sağlam həyat tərzinə yönləndirilməsi Bankın korporativ sosial məsuliyyət layihələrində hər zaman mühüm yer tutmuşdur. Xüsusilə son illər ərzində biz bu istiqamətdə bir neçə uğurlu layihəyə imza atmışıq. Müstəqil Azərbaycanın tarixində mühüm hadisələrdən biri olan l Avropa oyunlarına rəsmi tərəfdaş olmağımız isə bizim üçün arzuolunan, eyni zamanda şərərfli bir addım oldu. Əminəm ki, dövlətimiz bu önəmli layihənin öhdəsindən uğurla gələcək və bu uğurumuz Azərbaycanın dünyada tanınmasına böyük töfhə vermiş olacaq. Fürsətdən istifadə edərək idmançılarımıza yarışlarda müvəffəqiyyətlər və layiqli qələbələr arzu edirəm. Müqaviləyə gəlincə isə, reklam tərəfləri ilə yanaşı, Kapital Bank Oyunların keçirildiyi məkanlarda ATM və valyutadəyişmə qurğularının yerləşdirilməsini öz öhdəsinə götürmüşdür.


Son olaraq Kapital Bankın 2015-2016-cı illər üçün əsas planları barədə soruşmaq istərdik.

Biz qəbul etdiyimiz yeni strateji inkişaf xəttinə sadiqik. Qarşımızda duran əsas vəzifə başladığımız iri həcmli layihələri davam etdirmək, müştərilərimizin maraqlarını təmin etmək üçün xidmətlərimizin kəmiyyət və keyfiyyətini artırmaq, yaxın bir neçə il ərzində dünya standartlarına cavab verən müasir Kapital Bank yaratmaqdır. Qeyd edim ki, bu il üçün əsas hədəflərimizdən biri də filiallarımızın konsepsiyasının yenilənməsi layihəsinə başlamaqdır. Düşünürəm ki, yaxın bir neçə ay ərzində ilk yeni konsepsiyalı filialımızı müştərilərimizin istifadəsinə təqdim edə biləcəyik.

Kapital Bankdan yeniliklər gözləyin!