Namizədlərə tövsiyyələr

Özünüzə uyğun vakansiya necə təyin edilməli, vakansiyalara necə müraciət etməli, CV-nizdə hansı məlumatlar olmalı və olmamalıdır? Bu suallara cavab tapmaq üçün Kapital Bankın İnsan Resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədovanın məsləhətlərini oxuyun.

Namizədlərə tövsiyyələr

  • Saytlarda, sosial şəbəkələrdə gördüyünüz hər elanda göstərilmiş vakansiyaya müraciət etməyin. Əks təqdirdə, işəgötürən sizi nə istədiyini bilməyən, qeyri-ciddi namizəd kimi qəbul edəcək və namizədliyinizi dəyərləndirməyəcək.
  • Şəxsi e-mail ünvanızı necə adlandırdığınıza diqqət yetirin. “Amazonka86”, “Milaya milaya91”, “Krutoy paren87” kimi e-mail ünvanlarından daxil olan CV-lərin sahibləri ciddi şirkətlərə, təşkilatlara işə qəbul olunma şanslarını demək olar ki, itirirlər.
  • CV-dəki şəklinizi diqqətlə seçin! Gülümsəməkdən çəkinməyin, lakin toy şəklinizdən də istifadə etməyin.
  • Müsahibəyə gecikməyin! Əgər sizdən asılı olamayan səbəblərdən gecikirsinizsə, zəng vurub, işəgötürəni bu haqda xəbərdar etməyə çalışın.
  • Müraciət etdiyiniz vakansiyaya uyğun geyim tərzindən istifadə edin, amma bu tərzin həqiqətən də sizin tərziniz olması vacibdir. Əgər dizi yırtıq cinsiniz hər zaman sizə uğur gətiribsə, bu o demək deyil ki, onu hər yerə geyinə bilərsiniz.
  • Müsahibə zamanı etik qaydalara riayət edin. Diqqət! Müsahibəyə saqqız çeynəyərək girməyin. Mənim kimi konservativ HR-lar üçün bu artıq sizin heç bir halda bu şirkətdə işləməyəcəiniz deməkdir. Mobil telefonunuzu söndürün! Əgər bunu etməyi unutmusunuzsa, üzr istəyib, elə oradaca söndürün.
  • Müraciət etdiyiniz şirkət haqda məlumatlı olun, ən azından saytına daxil olun, əsas göstəriciləri ilə tanış olun. Eyni zamanda, müsahibədə bununla bağlı sizə birbaşa və ya dolayısıyla heç bir sual verilmirsə, öyrəndiyi şeri mütləq şəkildə lövhənin qarşısında söyləmək istəyən şagirdə də bənzəməyin.
  • Qeyri-standart sualları cavablandırmağa hazır olun. Məsələn, ən çox verilən suallardan biri “sizin güclü və zəif cəhətləriniz hansılardır” sualına əksər namizədlər ardıcıl olaraq 4-5 güclü cəhətlərini sadalayır, zəif cəhətlərini isə söyləməkdə çətinlik çəkir, “insanlara tez güvənirəm” kimi cavablar verir və ya ümumiyyətlə zəif cəhətlərinin olmadığını bildirilər. Bu da, namizədin qeyri-səmimiliyi, qeyri-obyektivliyi haqda fikir yaradır.
  • Müsahibədə özünüzü olduğundan ağıllı göstərməyə çalışmayın, bəlkə işəgötürənə hazırki vəzifəyə bu qədər ağıllı namizəd lazım deyil. Özünü bəyəndirmənin ən yaxşı yolu səmimi olmaqdır. Ən azından səmimiyyət nümayiş etdirərək artıq bir bal qazanacaqsınız.
  • Nə istədiyinizə öncədən qərar verin, özünüzə güvənin, ünsiyyətə açıq olun, pozitiv olun və inanın ki, bütün bunlar olduqda hər şey alınacaq!

Hazırsınız? Elədirsə irəli. Kapital Bankın cari vakansiyaları ilə tanış olun.