5 addımda bizə qoşul

5 addımda bizə qoşul

Bizi izləyin

Əgər Siz bankda iş təcrübəsi qazanmaq və inkişaf etmək istəyirsinizsə “Kapital Bank” ASC ən doğru ünvandır. Bunun üçün bankın korporativ saytında “İnsan Resursları/Vakansiyalar” bölməsini izləyin. Bilik və bacarıqlarınızı açıq elan edilmiş vakansiyalardan hansının tələblərinə uyğun hesab edirsinizsə, göstərilən qaydada müraciət edin. Müraciətiniz bank tərəfindən vakansiyanın tələblərinə uyğun şəkildə qiymətləndiriləcək və göstəriciləriniz uyğun hesab edildiyi halda Sizinlə əlaqə saxlanılaraq seçimin ilkin mərhələsinə dəvət ediləcəksiniz.

Biliyinizi göstərin

İkinci addımda bank işi üçün vacib hesab edilən riyazi təhlil qabiliyyətinin ölçülməsi, tələb olunduğu halda bank qanunvericiliyi və ixtisas üzrə biliklərin ölçülməsi üçün imtahana dəvət ediləcəksiniz. Siz imtahana başlamazdan əvvəl imtahan şərtləri ilə tanış ediləcək, nəticənin hesablanması qaydası haqqında məlumatlandırılacaqsınız. İmtahan avtomatlaşdırılmış qaydada, tamamilə obyektiv imtahan şəraitində xüsusi kompyuter kabinetində keçiriləcəkdir. Nəticənizlə imtahanın bitdiyi an tanış ola biləcəksiniz. Keçid balını toplaya bilməsəniz, 6 aydan sonra yenidən mövcud vakansiyalar üzrə müraciət edə bilərsiniz. Keçid balını toplayacağınız halda növbəti addım olaraq Sizinlə müsahibə mərhələsində görüşəcəyik.

Özünüzü tanıdın

Müsahibə mərhələsində bankın müvafiq sahə üzrə səlahiyyətli əməkdaşları Sizinlə görüşəcəklər. Müsahibənin əsas məqsədi Sizin karyera planlarınızla bankın İnsan Resurslarının İnkişafı siyasətinin uyğunluğunu və sahib olduğunuz səriştələrin vakansiyanın tələblərinə nə dərəcədə cavab verdiyini müəyyən etməkdir. Müsahibələr bank sahəsində kifayət qədər iş təcrübəsi olan səlahiyyətli əməkdaşlar tərəfindən keçirilir; namizədin və bankın gələcək planlarının müəyyən dərəcədə uyğunlaşmasına diqqət yetirilərək tam obyektiv qərar qəbul edilir. Müsahibə mərhələsində uğurlu nəticə əldə etdiyiniz halda, Sizə bankın təcrübə proqramında iştirak etmək təklif olunacaqdır.

Daha çox öyrənin

Təcrübə proqramında Sizə bankın təcrübəli əməkdaşları tərəfindən mentor dəstəyi göstərilərək işi tam şəkildə mənimsəməniz üçün real iş şəraiti yaradılacaqdır. Eyni zamanda bank işi ilə bağlı daha geniş bilik əldə etməyiniz üçün bankın peşəkarları tərəfindən interaktiv təlimlər keçiriləcəkdir. Təlimlərimiz bankın müasir tələblərə cavab verən təlim tədris avadanlıqları ilə təchiz edilmiş təlim mərkəzində keçirilir. Burada Sizin bank işini öyrənə bilməyiniz üçün həm maddi texniki baza, həm də peşəkarların bilik və təcrübələri yaxından kömək edəcəkdir.

Bizə qoşulun

Bu mərhələdə Sizin gələcəkdə uğurlu bir bank əməkdaşı ola bilməyiniz üçün tələb olunan və təcrübə müddətinə əldə etdiyiniz bilik, bacarıqları qiymətləndirmək məqsədi ilə imtahan və müsahibə keçiriləcəkdir. İmtahan avtomatlaşdırılmış qaydada, tamamilə obyektiv imtahan şəraitində xüsusi kompyuter kabinetində keçiriləcəkdir. Nəticənizlə imtahanın bitdiyi an tanış olacaqsınız. Yekun imtahan və müsahibədən uğurla keçdiyiniz halda Siz “Kapital Bank” ailəsinə qoşulmuş olacaqsınız.